Palata Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini audit edib
Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinin (TKTA) 2023-2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və fəaliyyətin icrasının nəticəliliyinin qiymətləndirilməsi məqsədilə səmərəlilik (performans) auditi formasında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Palatadan bildirilib ki, agentliyin fəaliyyəti dövründə atılan addımlar ali təhsildə keyfiyyətin təminatının gücləndirilməsinə, bununla da məzunların respublikada və xarici ölkələrdə məşğulluğuna müsbət təsir göstərməkdədir. Xarici kvalifikasiyaların tanınması istiqamətində bir sıra fəaliyyətlər nəticəsində saxta diplomlar müəyyənləşdirilib. Kvalifikasiyaların tanınması üzrə məhkəmə qərarlarının böyük əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi qəbul edilən qərarların ümumilikdə hüquqi əsaslı olduğunu qeyd etmək imkanı verib. Qabaqcıl təcrübədə təhsildə keyfiyyətin təminatı qurumunun müstəqilliyi ilə yanaşı onun maliyyələşmə mənbələrinin əsas komponentlərindən birinin məhz dövlət büdcəsi vəsaiti olması qəbul edilir və respublikamızda bu prinsip tətbiq edilməkdədir. Audit əsas nəticələri aşağıdakılar olub: TKTA-nın fəaliyyətində idarəetmə, hüquqi tənzimləmə, maliyyə idarəetməsi, keyfiyyət təminatı və institusional inkişaf istiqamətləri üzrə bir sıra sistem xarakterli problemlər olub, müəyyən edilmiş nöqsanlar qurumun fəaliyyətinin effektivliyinə, maliyyə dayanıqlılığına mənfi təsir göstərməklə keyfiyyət təminatı mexanizmlərinin etibarlılığının gücləndirilməsi addımlarının genişlənməsinə mane olub. TKTA-nın nazirliyin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması risklərini yaradıb, müstəqillik üzrə yerli və beynəlxalq standartlarla uyğunsuzluq agentliyin beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar olub. Akkreditasiya sahəsində normativ baza, akkreditasiya meyarları bütün təhsil pillələrini əhatə etməyib, akkreditasiya qrafikləri icra edilməyib, elektron sistemlər yaradılmayıb, sənədləşdirmə və ekspert fəaliyyətində çatışmazlıqlar olub, bəzi təhsil müəssisələri akkreditasiyasız fəaliyyət göstərib. Kvalifikasiyaların tanınması istiqamətində qanunvericiliyin imkan verdiyi alternativ mexanizmlərin tam tətbiq olunmaması, normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanması ilə nəticələnib, bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi xarici kvalifikasiyaların tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsinə zərurət olduğunu göstərib. Müvafiq audit tapıntıları QFİTT (qeyri-formal və informal təhsilin tanınması) fəaliyyətinin təşkilati modeli, ekspert potensialının idarə olunması, dövlət təhsil standartlarının müasirləşdirilməsi, analitik fəaliyyətlərin nəticəyönümlülüyü və metodiki təminatın gücləndirilməsi istiqamətlərində də təkmilləşdirmələrə ehtiyac olduğunu deməyə əsas verib. Dövlət vəsaitləri bir sıra hallarda təyinatına uyğun istifadə edilməyib, dövlət satınalmaları demək olar ki, yalnız bir mənbədən satınalma metodu tətbiq edilməklə müsabiqəli mühitin formalaşdırılması təmin olunmayıb, satınalma müqavilələri üzrə nəzarətin təmin edilməməsi ödənilmiş vəsait və əldə olunmuş nəticə arasında uyğunsuzluqlara yol açıb, uçot və hesabat işlərində nöqsanlar müəyyən edilib. Funksional fəaliyyətdən gəlirlər xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılaya bilməyib, proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə edilməyib. Ümumilikdə, auditin nəticələri TKTA-nın fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin təmin edilməsi üçün idarəetmə modelinin, hüquqi bazanın, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın, səmərəliliyin və institusional müstəqilliyin gücləndirilməsi istiqamətində kompleks islahatların həyata keçirilməsinin zəruriliyini göstərib. Auditin nəticələri barədə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə auditor hesabatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilib, vəsaitlərin idarə olunması ilə bağlı müəyyən edilmiş nöqsanlar barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, həmçinin ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı müəyyən edilmiş hallar barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat göndərilməsi qərara alınıb.





















