Masallıda bələdiyyə sədri ağacları qanunsuz kəsməkdə ittiham olundu - FOTO
Masallı rayonunda bələdiyyə sədri ilə ekologiya əməkdaşı arasında mübahisə yaranıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, mübahisəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Talıb Kərimovun Kolatan kəndinin bələdiyyə sədri Rauf Cəbiyev haqqında səsləndirdiyi ittihamlar səbəb olub. Belə ki, Talıb Kərimov Rauf Cəbiyevin göstərişi ilə Kolatan kəndinin ərazisində ağacların qanunsuz kəsildiyini iddia edib. Məsələni aydınlaşdırmaq üçün Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevlə əlaqə saxladıq. Rauf Cəbiyev Oxu.Az-a açıqlamasında səsləndirilən iddiaları təkzib edib. Onun sözlərinə görə, bələdiyyə tərəfindən yalnız külək nəticəsində aşan ağaclar kəsilib. "Oktyabrın 10-da Masallı rayonunun Kolatan kəndinin ərazisində güclü yağış və külək müşahidə olunub. Nəticədə Böyük Kolatan, Bala Kolatan və Bağıroba ərazilərində bəzi ağaclar evlərin və tikililərin üzərinə, eləcə də yollara aşıb. Kənd sakinləri də işə cəlb olunaraq aşmış ağaclar doğranıb. Biz həmişə məişət tullantılarının ətrafa atılmasına və ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə aparmışıq. Məişət tullantılarını yol kənarına atan 12 nəfər və ağac kəsən 3 nəfər barəsində aidiyyəti qurumlara rəsmi məktubla müraciət etmişik. Həmin şəxslər də cərimələniblər", - deyə bələdiyyə sədri bildirib. Rauf Cəbiyev Talıb Kərimovun Kolatan bələdiyyəsinə məqsədli şəkildə göndərildiyini də iddia edib. "Mübahisəmiz hələ də həll olunmayıb. Həmin şəxs Kolatan bələdiyyəsinə sifarişlə göndərilib. Bir şəxs üç aydır ki, Kolatan bələdiyyəsindən "çay qazıldı", "torpaq daşındı" kimi müxtəlif məsələlərlə bağlı şikayətlər edir. Bunların hamısı əsassızdır. Yalnız külək nəticəsində aşan ağaclar kəsilib", - deyə o vurğulayıb. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonunun Kolatan bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı fakt təsdiqini tapıb. "İlkin araşdırma aparılıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsi məqsədilə araşdırma materialları Baş Prokurorluğa göndərilmək üçün hazırlanır", - deyə qurumun açıqlamasında qeyd olunub. Nəzrin Mirzəyeva






















