Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
İlahiyyatçı Elşad Mirinin ilk insanın yaradılışı ilə bağlı əvvəlki və son dövrlərdəki açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, E. Miri əvvəlki çıxışlarında ilk insanın Həzrəti Adəmdən yaradıldığını bildirsə də, sonrakı açıqlamalarında ““Qurani-Kərim”ə görə ilk insan Adəm peyğəmbər deyil, Quranda heç bir ayə yoxdur” fikrini səsləndirib. İlahiyyatçının eyni mövzu ilə bağlı fərqli mövqedən çıxış etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub və geniş müzakirələrə yol açıb. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Elşad Miri bildirib ki, keçmişdə səsləndirdiyi fikirlər 15-20 il əvvəl bakalavr təhsili zamanı ona öyrədilən düşüncələrdən ibarət olub, amma insan özü yetişdikcə, öyrəndikcə, oxuyub araşdırdıqca həqiqətləri görür, öyrənir və ona öyrədilənlərin yanlışlığını görür və bunu da açıqlayır. O qeyd edib ki, bir insan 15 il yerində sayırsa, həmin insanın canlı meyiddən fərqi olmur: “İnsan yetişir... Mən 15 il ərzində doktorantura təhsilini də bitirməyə çalışıram, elmi iş yazıram. Məsələyə daha elmi cəhətdən yanaşıram. Hər deyilənə deyil, Quran ayələri ilə izah etməyə çalışıram. Əvvəlki müxtəlif fikirlər mənim kanalımda olanlardır, onları silməmişəm ki, insanın necə dəyişdiyini hər kəs görə bilsin. Dəyişməyən insan varsa, bu artıq həmin o insanın problemidir. “Quran” eyni “Quran”dır, Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur. Ancaq əvvəllər bizə hədisləri və s. dinin əsas mənbəyi kimi təqdim etdiklərinə görə, “Quran”a paralel vəhy olduğunu öyrətdikləri üçün biz elə bilmişik. Onu biz demişik. Bu gün də bir çox ilahiyyatçılar onlara öyrədilənləri danışmaqdan ibarətdir. Amma burada bir araşdırmanın, tədqiqatın nəticəsi var. Bunu deyənlərin özləri siyasi düşüncələrində necə dəyişikliklər ediblərsə, məsələn, yaxın dost bildikləri adamlara qarşı bu gün həmin insanların tamamilə yanlış olduğunu deyirlərsə, bu haqda yazılar yazırlarsa, bu da insanın fərqli düşüncəsinin, araşdırmasının göstəricisi, nəticəsidir. Təsəvvür edin, universitet bitirən insanla ibtidai sinifdə oxuyan insanın bildiklərini eyniləşdirmək mümkündürmü?...” Şəhanə Qədirli





















