Gömrükdən büdcəyə daxilolmalar artırılır - Nə qədər olacaq?
Azərbaycanda 2027-ci ildə gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmaların 1 milyard 867 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 49 milyon manat və ya 2.7 faiz çoxdur. MediaxeberleriAz xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büd.cəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin dövlət büdcəsinin müqayisəsindən məlum olur. Cari ilin təsdiqlənmiş büdcəsində gömrük rüsumlarından daxilolmalar 1 milyard 818 milyon manat səviyyəsində nəzərdə tutulub. Bununla yanaşı, 2027-ci ildə ölkəyə idxal olunan mallara görə əlavə dəyər vergisindən (ƏDV) daxilolmaların 4 milyard 700 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin 4 milyard 750 milyon manatlıq göstəricisindən 50 milyon manat və ya 1.1 faiz azdır. İdxal olunan mallara görə aksiz vergisindən daxilolmaların isə 234 milyon manatdan 240 milyon manata yüksəlməsi planlaşdırılır. Beləliklə, bu istiqamətdə altı milyon manat və ya 2.6 faiz artım proqnozlaşdırılır. Ümumilikdə, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların 2026-cı ildəki 6 milyard 862 milyon manatdan 2027-ci ildə 6 milyard 865 milyon manata çatacağı gözlənilir. Bu isə üç milyon manat və ya təxminən 0.04 faiz artım deməkdir. Beləliklə, gömrük rüsumlarından daxilolmaların artmasına baxmayaraq, idxal üzrə ƏDV daxilolmalarının azalması səbəbindən gömrük orqanlarının xətti ilə ümumi büdcə daxilolmalarında cüzi artım nəzərdə tutulur.





















