Gərginlikdən əməkdaşlığa: Hindistan da Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir
Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Bakı ilə Yeni Dehli arasında siyasi dialoqun fəallaşdığını göstərən mühüm mesajdır. Yüksəksəviyyəli təmasların davam etdirilməsi münasibətlərin möhkəmləndirilməsi, enerji, investisiya, texnologiya və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Hindistan diplomatiyasının rəhbəri Azərbaycana Baş nazir Narendra Modinin tapşırığı ilə səfər etdiyini bildirib. Qəbul zamanı iki ölkə liderinin Bişkekdəki təmasları da xatırlanıb. Bu ardıcıllıq ikitərəfli münasibətlərin inkişafına göstərilən diqqətin ifadəsidir. Ümumilikdə isə son dövrlər Azərbaycan-Hindistan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra ölkələr arasında əlaqələr gərgin fazaya keçmişdi. Deputat əlavə edib ki, Hindistanda siyasi dairələr Azərbaycanın qələbəsini həzm edə bilmirdilər: "Hindistan Azərbaycanla əlaqələrə məhz Pakistan prizmasından baxırdı. Bu da təbii ki, Hindistanda müəyyən qısqanclıq yaradırdı və nəticədə biz görürdük ki, Ermənistana dəstək verilir, silah-sursat təminatı həyata keçirilir. Sözügedən məsələ Azərbaycanı narahat edirdi. Eyni zamanda Azərbaycan rəhbərliyinin haqlı sərt reaksiyasına səbəb olurdu. Amma bu gərginlik get-gedə aradan qalxma üzrədir. Birincisi, Azərbaycan Cənubi Qafqazda yaratdığı reallıqları bütün dünya ictimaiyyətinə çatdıra bilib, hər kəs bunu qəbul edir. Yeni status-kvonu qəbul olunub, Azərbaycanın ərazi bütövlüyünü hər kəs qəbul edir. Hindistan da artıq görür ki, reallıqları qəbullanmalıdır. Digər tərəfdən son dövrdə iki ölkə rəhbərləri arasında keçirilən sammitlər zamanı qurulan ünsiyyət və aparılan danışıqlar yeni səhifənin açılması üçün bir zəmanət verir. Eyni zamanda deyə bilərəm ki, yeni səhifənin açılması və yeni imkanların yaranması üçün hər iki tərəfdə istək var. Burada böyük potensial mövcuddur. İqtisadi əlaqələrin və investisiyaların genişləndirilməsi, turizm axınının artırılması, energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi - bütün bunlar iki ölkə tərəfindən araşdırılır. Məqsəd idi dövlət arasında münasibətlərdə yeni bir səhifə açmaqdır".






















