Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunan Anım Günü münasibətilə Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib. Tamaşadan əvvəl Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev tamaşaçıları salamlayaraq Anım Gününün əhəmiyyəti barədə məlumat verib. Daha sonra Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Şəhid atası” tamaşası yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı isə Vahid Bayramovdur. Səhnə əsərində rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Minayə İbrahimova, Rüfət Ömər, Aytac Cəfərova, Nəsimi Aşbazov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Rüfət Eminalıyev və Xaqan Qurbanov ifa ediblər. Tamaşanı ictimaiyyət nümayəndələri ilə yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qarabağ qaziləri izləyiblər. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.



























