KOLLECLƏRİN LƏĞVİ GÜNDƏMDƏ... – Məzunlar niyə iş tapa bilmir?
Orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələsi aktuallıq qazanır. Bəzi ixtisasların gələcək perspektivləri, kolleclərin peşə təhsili müəssisələri ilə əvəzlənməsi və təhsil proqramlarının yenilənməsi müzakirə olunur. Eyni zamanda, kollecləri bitirən məzunların iş tapmaq imkanları və əldə etdikləri diplomun əmək bazarında rəqabət qabiliyyəti də diqqət çəkir. Bu baxımdan, texnikum və kolleclərin birləşdirilməsi, eləcə də orta ixtisas təhsili sistemində struktur dəyişikliklərinin aparılması ehtimalı maraq doğurur. Azərbaycanda texnikum və kolleclərin birləşdirilməsi, yaxud bəzi kolleclərin peşə təhsili müəssisələrinə çevrilməsi nə dərəcədə məqsədəuyğundur? Orta ixtisas təhsili müəssisələrində hansı dəyişikliklər aparılmalıdır ki, məzunların əmək bazarında iş tapmaq imkanları artsın? Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir. Onun sözlərinə görə, kollec məzunları əmək bazarında iş tapmaqda çətinlik çəkirlər və bir çox abituriyent kolleclərə əsasən, imtahansız ali təhsil müəssisələrinə qəbul olmaq məqsədilə üz tutur: "Ötən ildən bu istiqamətdə müəyyən problemlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul zamanı 150 bal toplayan abituriyentlərin seçim mərhələsinə buraxılması ilə bağlı təklifi subbakalavrların qəbul imkanlarına təsir göstərib. Bu isə onların ali təhsil almaq perspektivləri ilə bağlı suallar yaradıb". M.Məmmədlinin fikrincə, subbakalavrların ümumi akademik göstəricilərinin zəif olması ali təhsil müəssisələrində də narazılıqlara səbəb olur: "Belə ki, bəzi subbakalavrlar universitetlərdə digər tələbələrlə ayaqlaşmaqda çətinlik çəkirlər. Ötən il bəzi ali təhsil müəssisələri subbakalavrların qəbuluna mənfi münasibət göstərib, yalnız öz nəzdində fəaliyyət göstərən kolleclərin məzunlarına üstünlük verilməsi məsələsi gündəmə gəlib". Ekspert əlavə edib ki, mövcud vəziyyət kolleclərin təhsil sistemindəki rolunun yenidən nəzərdən keçirilməsini zəruri edir. Onun qənaətinə görə, uzun müddət kolleclərə ali təhsilə keçid vasitəsi kimi baxılsa da, son dövrlərdə bu yanaşmada müəyyən dəyişikliklər müşahidə olunur: "Bəzi gənclər kolleclər əvəzinə texniki peşə təhsili mərkəzlərinə üstünlük verirlər. Hesab edirəm ki, problemin həlli üçün kolleclər ali təhsil sisteminə inteqrasiya edilməli, təhsil pillələri arasında ardıcıl və sistemli keçid mexanizmi yaradılmalıdır. Subbakalavr, bakalavr, magistratura və doktorantura səviyyələri arasında əlaqələrin gücləndirilməsi kolleclərin təhsil sistemindəki mövqeyini möhkəmləndirə bilər. Əks halda, bu sahədə aparılan dəyişikliklərin gözlənilən nəticəni verməsi çətin olacaq". Oğuz Ayvaz






















