76 yaşlı nənə keçmiş ərini və məşuqəsini öldürdü - FOTO
ABŞ-ın Corciya ştatında 76 yaşlı qadın keçmiş ərini və onun 40 yaşlı sevgilisini öldürməkdə ittiham olunur. Mediaxeberleri.Az “Daily Mail”ə istinadən xəbər verir ki, hadisədən sonra təqaüdçü qadın özü şerif idarəsinə gedərək polisə təslim olub. Hadisə oktyabrın 19-da Yuvalda yaşayış məntəqəsində baş verib. Məlumata görə, 76 yaşlı Qreys Eyc keçmiş əri, 75 yaşlı Uolles Trumen Eyc, onun sevgilisi Pamela Kuk və qadının anası Dayan Kukun olduğu evə daxil olaraq atəş açıb. Nəticədə Uolles və Pamela ağır yaralanıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı Pamelanın anası Dayan Kuk da yaralanıb. Güllə onun qoluna dəyib. Buna baxmayaraq, qadın təcili yardım xidmətinə zəng edə bilib. Məlum olub ki, Qreys və Uolles təxminən 10 il əvvəl boşanıblar. Lakin onlar əlaqələrini tam kəsməyib, bəzi dövrlərdə yenidən münasibət qurublar. Polisin ehtimalına görə, kişinin özündən xeyli gənc qadınla münasibətə başlaması keçmiş həyat yoldaşının qısqanclığına səbəb olub. Hüquq-mühafizə orqanları cütlüyün boşanmadan əvvəl də tez-tez mübahisə etdiyini açıqlayıblar. Bildirilir ki, şerif idarəsinin əməkdaşları onların ailədaxili münaqişələrinə 12 dəfə müdaxilə etməli olublar. Lakin həmin vaxt nə Qreys, nə də Uolles saxlanılıb.






















