Sükan arxasında yuxuladı: “Toyota”nı aşırdı - Anbaan video
Bu gün Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat yayıb. “Səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib. Yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur. Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır. Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir. Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın. Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".





















