MOSKVADAN BAKIYA UÇUŞLAR DAYANDI - Reyslər təxirə salınır
Moskvadan müxtəlif istiqamətlərə uçmalı olan xeyli sayda təyyarə reysləri həyata keçirilməyib. Mediaxeberleri.Az xəbər verir ki, təxirə salınan uçuşlar arasında Moskva-Bakı reysləri də var. Bu gün səhərdən etibarən Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında, eləcə də Yaroslavl, Gelencik və Soçi hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Rusiya mediasının məlumatına görə, gecə dron hücumu səbəbindən Moskva hava limanlarında 100-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. Moskvanın Vnukovo hava limanından Bakıya uçan və 14.05-də Bakıya enməli olan UTair aviaşirkətinin UT 745 reysi və Şeremetyevo hava limanından Bakıya uçan, 14:30-da Bakıya enməsi planlaşdırılan Aeroflot aviaşirkətinin SU 1854 reysi həyata keçirilməyib. Domodedovo hava limanından Bakıya uçan AZAL J2 182 reysinin vəziyyəti də bəlli deyil. Təyyarənin yerli vaxtla saat 17:05-də Bakıya enməsi planlaşdırılırdı. Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olduğu barədə açıqlamasından sonra Türkiyənin “Pegasus” aviaşirkəti də daxil olmaqla bəzi xarici aviaşirkətlər Rusiyaya uçuşları dayandırıb.





















