NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan yeni islahat paketi üzərində iş aparılır. Mediaxeberleri.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Nazir çıxışında şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərinə də toxunub. O, forumun Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirilməsinin əhəmiyyətini vurğulayıb. A. Əliyev həmçinin sosial müdafiə sistemində rəqəmsallaşma istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Ancaq nazir yeni sosial islahat paketinin hazırlandığını açıqlasa da, sosial ödənişlərin hansı məbləğdə artırılacağı, dəyişikliklərin hansı ödəniş növlərini əhatə edəcəyi və onların nə vaxt qüvvəyə minəcəyi barədə konkret məlumat verməyib. Qeyd edək ki, 2018-ci ildən etibarən Azərbaycanda beş sosial islahat paketi həyata keçirilib. Anar Əliyevin sözlərinə görə, həmin paketlərin icrası üçün hər il əlavə olaraq 8 milyard manat maliyyə vəsaiti ayrılır. Bəs maraqlıdır, hansı sosial ödənişlərin nə qədər artırılması gözlənilir? Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, altıncı sosial islahat paketinin hansı ödənişləri əhatə edəcəyi barədə hələlik konkret məlumat yoxdur. "Məncə, paketə ilk növbədə pensiyaların, minimum əməkhaqqının, sosial müavinətlərin və Prezident təqaüdlərinin artırılması daxil ola bilər. Xüsusilə aztəminatlı ailələrə, əlilliyi olan şəxslərə, uşaqlara və yaşa görə sosial təminat alan vətəndaşlara dəstəyin gücləndirilməsi vacibdir. Artımların məbləğinə gəlincə, bunu indidən dəqiq proqnozlaşdırmaq çətindir. Çünki qərar dövlət büdcəsinin imkanlarından, inflyasiyanın səviyyəsindən və sosial ödənişlərin indeksləşdirilməsi mexanizmindən asılı olacaq. Məncə, əsas meyar artımın faiz göstəricisi deyil, insanların real alıcılıq qabiliyyətinə təsiri olmalıdır", – deyə o bildirib. İqtisadçı əvvəlki illərdəki artımlara diqqət çəkərək bildirib: "Əvvəlki paketlərə baxdıqda, 2025-ci ildə minimum əməkhaqqı 16 faiz artırılaraq 400 manata, minimum pensiya isə təxminən 14 faiz artırılaraq 320 manata çatdırılıb. Sosial müavinət və təqaüdlərdə də artımlar olub. Bu təcrübəyə əsasən, yeni paketdə də təxminən 8–15 faiz intervalında artımlar mümkün ssenari kimi nəzərdən keçirilə bilər. Məsələn, minimum pensiyanın 320 manatdan 350–365 manata, minimum əməkhaqqının isə 400 manatdan 430–460 manata yüksəldilməsi ehtimalını fərziyyə kimi qeyd etmək olar. Ancaq bunlar rəsmi proqnoz deyil və hələlik belə rəqəmləri təsdiqləyən məlumat yoxdur. Əsas məsələ artımların inflyasiyanı kompensasiya etməsi və xüsusilə aşağı gəlirli əhalinin alıcılıq qabiliyyətini yaxşılaşdırmasıdır". E. Bəyməmmədli "AzPolitika.info"






















