Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş baş tutdu. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Yevlax görüşünü ümumi mənada müsbət qiymətləndirmək olar. Hər şeydən öncə onu demək lazımdır ki, erməni sakinlərini təmsil edən Sergey Martirosyan və David Melkumyanın görüşdə iştirak etməsi faktiki olaraq “arsax dövləti” və ya Qarabağ ermənilərin öz müqəddəratı adı altında separatçı fəaliyyətdən imtina mənasına gəlir. Başqa cür desək, Sergey Martirosyan və David Melkumyanın Yevlax görüşündə iştirak edərək təmsil etdikləri Qarabağ ermənilərinin Azərbaycanın bir parçası olduqlarını bildirmiş oldular. Görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbinin olması mühüm detal idi.
Diqqətçəkən əsas məqam isə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Rəsmi Bakı tərəfindən görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Prinsip etibarilə qeyd edilən məsələləri həll etmək çox asandır. Amma Bakının da şərtləri yerinə yetirilməlidir. Söhbət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasından gedir.
Yəni Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqları silah və texnikalar, habelə separatçı silahlı qüvvələr tərk-silah edilib ərazidən çıxarılmalıdır.
Görüşlə bağlı ən önəmli detal isə şübhəsiz tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilməsidir. Növbəti mümkün görüş Bakıda baş tuta bilər. Hesab edirəm, Qarabağın erməni sakinlərinin nümayəndələri bundan sonrakı görüşlərdən imtinanın nə ilə nəticələnəcəyini artıq bilirlər.
Müəllif: Politoloq Turan Rzayev
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: