Kreml Ermənistanı "cəzalandıracaq"
Rusiya sülhməramlı kontingentini Qarabağdan yola salmağa nail olduqdan sonra bu ölkənin bölgəyə təsir imkanları azalacaq. Ermənistan üçün Qarabağ itkisi İrəvanın Kremllə münasibətlərini daha da gərginləşdirəcək. Ermənistanda "Rusiya hərbi bazasını çıxartmaq lazımdır", "Rusiyanın əvəzinə İrandan qaz alaq", "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır" kimi şüarlar daha ucadan eşidiləcək. Mediaxeberleri.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu, Baş nazir Nikol Paşinyanın maraqlarına cavab verir: "Ancaq ayrılma ağrılı keçəcək. Kreml Ermənistanı cəzalandırmağın yollarını arayacaq, çünki Rusiya Cənubi Qafqazdakı son forpostunu tərk etmək istəməyəcək. Ermənistan uğrunda Qərblə Rusiya arasında nüfuz mübarizəsi güclənəcək. Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalması Azərbaycanın da maraqlarına uyğundur. Rusiyanın təsir alətləri azalarsa, regional əməkdaşlıq üçün yeni fürsətlər yaranacaq"