Tiflis və Astana Orta Dəhlizlə bağlı saziş imzaladı
Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb. Mediaxeberleri.Az xəbər verir ki, sənəddə dəhliz üzrə infrastrukturun inkişafı və nəqliyyat daşımalarının səmərəliliyinin artırılması istiqamətində yeni tədbirlər müəyyən edilib. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək. Qeyd edilib ki, 2022-2027-ci illər üçün Yol Xəritəsi 2022-ci il noyabrın 25-də Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı məqsədilə Gürcüstan, Qazaxıstan və Azərbaycan nümayəndələri arasında Aktauda keçirilən görüşdə imzalanıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Dəhliz marşrutu hazırda Çin sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır. 2022-ci ilin iyununda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri üçtərəfli və regional əməkdaşlığın artırılması, Xəzər dənizi üzərindən Yaxın Şərq-Qərb dəhlizinin potensialının inkişaf etdirilməsi barədə razılığa gəliblər. Türkiyə Gürcüstanın tranzit marşrutunun bir hissəsi kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə çıxış edib.