“Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
“Biz hələ də müəlliminə, həkiminə sahib çıxan, onları qoruyan bir cəmiyyət ola bilməmişik". Mediaxeberleri.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat mərasimində səsləndirib. Deputatın sözlərinə görə, Gürcüstandakı azərbaycandilli məktəblərin keyfiyyətindən danışmazdan öncə, Azərbaycandakı təhsil sisteminin vəziyyətinə nəzər salmalıyıq: “Gürcülər haqlı olaraq bizə deyə bilərlər ki, “sizin dərslikləriniz bizdəkindən də bərbad gündədir”. Bu gün ölkədə yazıçının, şairin kitabı min tirajla çap olunanda bayram edirik. 300-500 tirajlıq kitablar belə oxucusuzluqdan rəflərdə toz basır. Yüz minlərlə tirajla təkrar-təkrar basılan yeganə vasitə isə dərsliklərdir. Təəssüf ki, dərslik nəşri elmə deyil, ticarətə xidmət edir. Dərslik ticarət alətinə çevriləndə keyfiyyət arxa plana keçir, meydan isə sahədən bixəbər adamlara qalır". Maarifçiliyin əhəmiyyətini vurğulayan deputat müasir dövrümüzü 150 il əvvəlki cəmiyyət mənzərəsi ilə müqayisə edib: “Dramaturq Aleksandr Şirvanzadənin 1888-ci ildə qələmə aldığı məqalədə, Zaqafqaziya müsəlmanlarının durumundan bəhs olunurdu. Müəllif obyektiv şəkildə qeyd edirdi ki, zəngin şəxslər din xadimlərinə vəsait xərclədikləri halda, müəllimə və məktəbə dəstək verməkdən çəkinirlər. Aradan uzun illər keçməsinə baxmayaraq, təhsilə münasibətdə köklü dəyişikliyin baş verməməsi təəssüf doğurur”. Milli müstəqillik dövründə cəmiyyətin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan F.Mustafa əlavə edib: “İndi müstəqil dövlətimiz var. Lakin bütün yükü hökümətin üzərinə yıxmaq düzgün deyil. Həkimi və müəllimi, ilk növbədə, cəmiyyətin özü qorumalı və dəyərləndirməlidir”. Nəşrin əhəmiyyətini yüksək qiymətləndirən deputat, kitabın müəllifi Aygül İsayevanın fəaliyyətini fədakar ziyalılıq nümunəsi kimi dəyərləndirib: “Aygül xanım kimi 5-10 fədakar ziyalımız olsa, heç kim soydaşlarımızın haqqını tapdalaya bilməz. Kitabın gürcü dilinə tərcümə olunması da təqdirəlayiqdir. Əminəm ki, bu nəşr vasitəsilə Gürcüstan höküməti Azərbaycanın əsas tələb və gözləntilərini daha aydın dərk edəcək”. Sherg.az






















