Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı korrupsiya barədə məlumat verən şəxslər üçün nəzərdə tutulan kompensasiya məbləğinin və mükafatının artırılması barədə təklif ictimaiyyətdə xeyli müzakirə yaradıb. Bildirilir ki, bu, korrupsiya barədə məlumat verən şəxslərin hər hansı yolla sonda iş yerlərindən uzaqlaşdırılmaları ilə nəticələnə bilər, buna görə də hökumət onların müdafiəsinə, təhlükəsizliyinə təminat verməlidir.
Bu barədə Mediaxeberleri.Az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, qanunvericilikdə bununla bağlı müəyyən təşviq məsələləri nəzərdə tutulub, amma kompensasiyanın miqdarı işin həcminə, prosesin əhəmiyyətinə baxır.
Deputat bildirib ki, hər halda subyektiv dəyərləndirmə qaçınılmazdır: "Buna görə də təklifin konkret olaraq faydalı olub-olmayacağını başdan söyləmək çətindir. Hesab edirəm, korrupsiyaya qarşı mübarizəni gücləndirmək istiqamətində addımların atılmasını təşviq etməliyik. İnsanların çəkinmədən bu prosesdə məsələ ilə bağlı müvafiq qurumları məlumatlandırları təmin olunmalıdır. Çünki həm də həmin şəxslərin iş yerlərinin qorunması, işinin yüngülləşdirilməsi vacibdir. Bu və başqa məsələlərlə bağlı düşünülə bilər. Bütün hallarda məsələyə baxılmalıdır. Bunun əsasında münasibət bildirmək olar".





















