AVTOBUSDA, METRODA, XİDMƏT MƏNTƏQƏSİNDƏ... - Növbə savaşı niyə bitmir?
İctimai yerlərdə növbəyə riayət edilməməsi gündəlik həyatda tez-tez rast gəlinən davranışlardan biridir. Metro, avtobus dayanacağı və xidmət məntəqələri ilə yanaşı, yollarda da sürücülərin növbəni pozaraq önə keçməsi narazılıq yaradır. Bu davranış həm ictimai qaydalara münasibət, həm də insanların şəxsi maraqlarını ümumi qaydalardan üstün tutması ilə bağlı suallar doğurur. Növbə mədəniyyətinin formalaşmasında sosial mühitin, tərbiyənin və cəmiyyətin ümumi davranış normalarının rolu da diqqət çəkir. İnsanların növbəyə və ümumi qaydalara əməl etməməsinin əsas sosial səbəbləri nələrdir? Cəmiyyətdə növbə mədəniyyətinin formalaşması və bu cür davranışların azalması üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, cəmiyyətdə növbə mədəniyyətinin formalaşdırılması üçün bu istiqamətdə maarifləndirmə işlərinə erkən yaşlardan başlanılmalıdır. Onun sözlərinə görə, növbə gözləmək, başqalarının hüquqlarına hörmət etmək və ictimai davranış qaydalarına əməl etmək kimi vərdişlər ilk növbədə ailədə formalaşmalı, daha sonra isə bağça və məktəbdə davam etdirilməlidir. Sosioloq hesab edir ki, bu məsələyə məktəblərdə, xüsusilə də həyat bilgisi dərslərində daha çox diqqət yetirmək, uşaqlara və yeniyetmələrə ictimai məkanlarda davranış qaydalarını izah etmək vacibdir. O, növbə mədəniyyətinin sadəcə qaydaların izahı ilə deyil, gündəlik davranış vərdişlərinin formalaşdırılması yolu ilə cəmiyyətə aşılanmasının daha effektiv olduğunu vurğulayıb: “Maarifləndirmə prosesi bununla məhdudlaşmamalı, sosial çarxlar, media və digər kütləvi informasiya vasitələri vasitəsilə də davam etdirilməlidir. Cəmiyyətə növbə gözləməyin və digər insanların hüquqlarına hörmətlə yanaşmağın vacibliyi mütəmadi şəkildə çatdırılmalıdır”. Ü.Şəfiyev eyni zamanda problemin yalnız insanların davranışı ilə bağlı olmadığını, xidmət sahələrində mövcud imkanların və resursların da nəzərə alınmalı olduğunu qeyd edib: “Xüsusilə ictimai nəqliyyatda tələb və təklif arasında uyğunluğun təmin edilməsi vacibdir. Nəqliyyat imkanlarının məhdud olması müəyyən hallarda insanların növbə qaydalarına əməl etmədən hərəkət etməsinə, nəticədə isə bir-birinin hüquqlarını pozmasına şərait yarada bilər. İctimai nəqliyyatda və digər xidmət sahələrində vətəndaşların növbə qaydalarına əməl etməsi üçün lazımi şərait yaradılmalıdır. Yəni məsələnin bir tərəfi insanların maarifləndirilməsi və düzgün davranışa təşviq olunmasıdırsa, digər tərəfdən xidmət sahələrində resurs və imkanların tələbatı qarşılayacaq səviyyədə təşkil edilməsi vacibdir”. Sosioloq sonda əlavə edib ki, bu iki istiqamət paralel şəkildə həyata keçirildiyi təqdirdə cəmiyyətdə növbə mədəniyyətinin formalaşdırılmasına nail olmaq mümkündür: “Düşünürəm ki, bu məsələ zamanla həllini tapacaq və bu istiqamətdə ardıcıl addımların nəticə verəcəyinə inanıram”. Oğuz Ayvaz “AzPolitika.info”























