Ağstafada “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi ilə bağlı ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda müxtəlif tədbirlər təşkil olunur. Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq bu gün Ağstafa şəhəri və Dağ Kəsəmən kəndində yaz fəslinin iqlim şəraitinə uyğun olaraq təyin olunmuş ərazilərdə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə xidməti təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və gənc könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ümumilikdə 600 ədəd sərv ağacı əkilib, yeni tinglərə zəruri aqrotexniki qulluq göstərilib, eləcə də ərazidə abadlıq işləri həyata keçirilib. Bir daha diqqətə çatıdırılıb ki, dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi daşıyır. 

























