Başqasının kreditinə görə pensiyadan pul tutula bilər — Bu halda...
Kredit borcunun vaxtında ödənilməməsi ailə üzvləri və yaşlı qohumlar arasında ciddi narahatlıq yaradır. Vətəndaşlar başqasının borcuna görə pensiyalarından vəsait tutulacağından ehtiyat edirlər. Bəs kredit götürən şəxs borcunu ödəmədikdə, həmin kreditə zamin olmayan başqa şəxsin pensiyasından pul tutula bilərmi? Qanunvericilik belə hallarda vətəndaşların hüquqlarını necə qoruyur və pensiyadan tutulma hansı şərtlərlə həyata keçirilə bilər? Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, borca görə məsuliyyət, əsasən, borcu götürən şəxsin və zaminlik müqaviləsini imzalayan zaminin üzərinə düşür. Onun sözlərinə görə, zamin o şəxsdir ki, borclunun öhdəliyinə görə məsuliyyət daşımağı müqavilə ilə üzərinə götürüb: "Bu baxımdan, borcun ödənilməsi ilə bağlı tələb borcluya, qanunvericiliyə və müqavilənin şərtlərinə uyğun olaraq isə zaminə yönəldilə bilər. Başqa şəxsin borcuna görə kənar şəxslərin əmlakının tutulması mümkün deyil. Yəni bir insanın kiməsə borcu varsa, həmin borca görə onun ailə üzvlərinin, qohumlarının və ya digər şəxslərin əmlakı tutula bilməz. Həmin şəxslər borc öhdəliyini üzərlərinə götürməyiblərsə və zaminlik müqaviləsi imzalamayıblarsa, onların başqasının borcuna görə məsuliyyət daşıması üçün hüquqi əsas yoxdur. Burada əsas prinsip ondan ibarətdir ki, hər kəs yalnız öz üzərinə götürdüyü öhdəliklərə və qanunla müəyyən edilmiş məsuliyyətə uyğun cavabdehlik daşıyır". Beləliklə, zaminlik müqaviləsi imzalamayan şəxslərin pensiyasından başqasının kredit borcuna görə tutulma aparıla bilməz.






















