Tehran Qriqoryanı təcili çağırdı: Bakı ilə bağlı “narahatlığı” varmış…
Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş. Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb. Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat sürən uğurlu antiterror tədbirlərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana dəvət edir. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloqun sözlərinə görə, İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə əlaqəlidir: “Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror tədbirlərindən sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə də bu məsələdə Bakıya dəstəyi artıracaq. Tehran qorxur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana “möhkəm ol, mövqeyindən çəkinmə!” mesajını göndərir”. Şahinoğlu bildirib ki, Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır: “Azərbaycanın uğurlu antiterror əməliyyatı İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran məhz bu ruh yüksəkliyindən narahatdır. Ancaq Tehran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən, Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməsidir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər”.