BAŞ SEPARATÇILAR BAKIDAN ƏFV DİLƏYİRLƏR! - "Xankəndini tərk etmək üçün Bakının alicənablığına ümid bəsləyirlər"
Sentyabrın 30-da artıq Xankəndində əhali qalmayıb. Erməni KİV-lərinin məlumatına görə, şəhərdə bir neçə yüz nəfər qalıb. Bunlar Qarabağdan sonuncu çıxacaq polis və xilasedicilərdir. Artıq çoxsaylı videogörüntülərdən də göründüyü kimi, Azərbaycanın polis qüvvələri Xankəndi şəhərini nəzarətə götürüb. Şəhərdə Azərbaycan polisi xidmət həyata keçirir. Belə olduqda yaxın günlərədək Xankəndində olduqları məlum olan bir sıra separatçı rəhbərlərin, xüsusilə də 44 günlük müharibə dövründə qondarma quruma rəhbərlik etmiş və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş Araik Arutyunyanın taleyi maraq doğurur. "Turan"ın məlumatına görə, o və separatçı quruma daha əvvəl rəhbərlik edən şəxslər Xankəndindədir və Bakı ilə danışıqlar aparırlar ki, getmələrinə icazə verilsin. "Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Azərbaycan rəhbərliyinin alicənablığına ümid bəsləyirlər", məlumatda bildirilir.