Son günlər yayılan tərs “A” hərfinin mənası nədir? – Açıqlama gəldi
Bir neçə gündür ki, sosial şəbəkələri zəbt edən, müzakirələrə səbəb olan, erməniləri qorxuya salan tərs “A” hərfi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çoxları bunu xəritə ilə əlaqələndirirlər. Maraqlıdır, hər kəsi düşündürən bu simvol nəyə işarədir? Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov bunun geniş yayılmasının tərəfdarı olmadığını deyib. O, bu işarə ilə bağlı hər hansı bir müzakirəyə ehtiyac olmadığını bildirib: “Bir neçə gün öncə tərs “A” işarəsi ilə bağlı müxtəlif məlumatlar və bilgilər verilmişdi. Bu, daha çox avtomobilərin hansı hərbi hissəyə məxsus olması ilə bağlı mövcud praktikadır və dünyanın əksər ölkələrində istifadə olunur. Düşünürəm ki, geniş müzakirələrə ehtiyac yoxdur. Bəzən müzakirələrin yanlış istiqamətdə aparılması insanlarda çox ciddi çaşqınlıq yaradır. Ona görə də, bu kimi məsələlərdə hər kəs diqqətli olmalıdır”. Deputat deyib ki, ehtiyac olarsa, aidiyyəti qurumlar məsələ ilə bağlı özləri əlavə məlumatlar verəcəklər: “Hazırkı dövrdə insanlar gərginliyin artmaması üçün çalışmalı və elə addımlar atmalıdırlar ki, fikirlər qarışmasın. Dediyim kimi, bu, hərbi hissə ilə bağlı bir işarədir, avtomobilin hara, hansı hərbi hissəyə, hansı quruma aid olması ilə bağlı məsələdir. Əlavə çaşqınlıqların yaradılmasına ehtiyac yoxdur”. Zaira Akifqızı