Deputat: “Müxalifət Daxili Qoşunların Prezidentə tabe olması məsələsini gündəmə gətirməklə əslində hakimiyyət haqqında mənfi fikir yaratmağa çalışır”
“Daxili Qoşunların (DQ) kimə tabe olması texniki məsələdir və iki vəzifəsi var - birincisi, qarışıqlıq yaranarsa, situasiyanı nəzarət altına almaq, ikincisi, ölkənin müdafiəsində iştirak etmək. Daxili Qoşunlarımız həm Vətən müharibəsində, həm də anti-terror əməliyyatında fəal iştirak etdi. Hesab edirəm, radikal müxalifət bu mövzunu gündəliyə atmaqla əslində fikri yayındırmaq, hakimiyyət haqqında mənfi fikir yaratmağa çalışır. İnsanlar kimin nə deməsinə deyil, öz gördüklərinə qiymət verirlər. Görünən isə bundan ibarətdir ki, hazırda narahat, qarışıq dünyada Azərbaycanda stabillik, inkişaf var və cəmiyyət iqtidarı dəstəkləyir”. Bu sözləri Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə parlamentin qəbul etdiyi qanun layihəsində Daxili Qoşunların Prezidentə tabe olması ilə bağlı dəyişikliyin müzakirə yaratmasından danışarkən deyib. Deputat bildirib ki, radikal müxalifət ölkədə həmişə böhran olmasını arzulayır: “Normal demokratik müxalifət isə bir qayda olaraq cəmiyyətə ölkəni hakimiyyətdən daha yaxşı idarə edəcək proqramını təklif edir. Azərbaycanda, çox təəssüf ki, radikal müxalifət həmişə qarışıqlıq və böhran olmasını arzulayır. Böhran olmayacaq! Çünki dövlətin bünövrəsi möhkəmdir, dövlət düzgün idarə olunur, iqtisadiyyatda hər il ümumi daxili məhsul, iş yerlərinin sayı artır. Azərbaycan torpaqlarının bütövlüyünə nail olub, işğaldan azad olunmuş ərazilər bərpa edilir, beynəlxalq aləmdə nüfuzumuz böyükdür, insanların təhlükəsizliyi qorunur. Yəni demokratik, davamlı inkişaf yolunu gedən ölkə üçün bütün xüsusiyyətlər Azərbaycanda var". Aytəkin Qardaşova





















