Deputat Emin Haciyev seçicilərlə görüşdü
7 sentyabr tarixində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Sumqayıt şəhər 43 saylı 3-cü seçki dairəsi üzrə vətəndaşlarla və partiya fəalları ilə görüş keçirildi. “Yeni Gundem” xəbər verir ki, görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov iştirak etdi. Görüş partiyada aparılan islahatlar, görülən işlər, Vətən müharibəsindəki Qələbəmizdən sonra qarşıda duran məqsədlər – işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı məsələləri müzakirə edilib. Deputat Emin Haciyev seçicilərə bu görüşün müntəzəm olacağını bildirib. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu layihə çox önəmlidir. Hesab edirəm ki, bu layihə seçicilərimizlə işin daha keyfiyyətli qurulması, dairələrimizdə sakinləri narahat edən məsələlərin aşkara çıxarılması və həllini asanlaşdırmaq imkanını təmin edəcəkdir. Görüşdən sonra Sumqayıt Dəmir Yolu Vağzalının fəaliyyəti ilə tanış olduq. Bakıda işləyən Sumqayıt sakinləri və xüsusilə də tələbələr üçün çox əlverişli qrafik təyin olunmuşdur. Bu məsələ Milli Məclisdə səsləndirdiyimiz təkliflərdən biri idi. Belə ki, Sumqayıt və Bakı şəhəri arasında vətəndaşlarımızın gündəlik miqrasiyası üçün ictimai nəqliyyatın imkanlarını genişləndirmək lazımdır. Şəxsi nəqliyyatın istifadəsinin destimullaşdırılması üçün ictimai nəqliyyat vasitələri həm keyfiyyət, həm də qrafik baxımından tələb olunan standartlara cavab verməlidir. Bu isə öz növbəsində həm ekoloji, həm nəqliyyatların sıxlığı ilə bağlı yaranan problemləri aradan qaldıracaqdır.