Seymur Orucov Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Bu gün müstəqil, suveren ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, hər bir dövlət məmuruna nümunə olmalıdır. Həmçinin, bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Ağstafa rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ağstafa şəhər ictimayyiətinin nümayəndələri ilə görüşüb. 1 nömrəli Folklor Klubunun binasının akt zalında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların məsul əməkdaşları, eləcə də Ağstafa şəhər ictimayyiətinin nümayəndələri iştirak ediblər. RİH başçısı çıxışında ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, dövlətimizin əsas prioritet istiqamətlərindən olan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin öz evlərinə qayıtmalarını özündə ehtiva edən Böyük Qayıdış konsepsiyasından söz açıb. Vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ətrafında müzakirələr aparılıb və həlli ilə bağlı qanunamüvafiq qaydada tədbirlər müəyyən edilib.



























