"Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm" - Kürdəmirdəki məktəbdə nə baş verib?
Kürdəmir rayonunun Beyi kənd məktəbində insident yaşanıb. Kənd sakini Hacı Alcanov iddia edir ki, təhsil ocağında bir sıra problemlər var və o, buna görə övladlarını məktəbə göndərmir. "Məktəbə gedib gördüm ki, iki sinfi bir-birinə qatıblar. Buna etiraz etdim. İşə polis qarışdı, beş sutka həbs olundum. Hazırda üç övladım məktəbə getmir. Olanlara görə peşman deyiləm, uşaqlarımın haqqını tələb edirəm", - deyə o əlavə edib. Məsələ ilə bağlı sözügedən məktəbdən bildirilib ki, sentyabrın 16-da təhsil müəssisəsinə yaxınlaşan vətəndaş etiraz edib. Məktəb rəhbərliyi tərəfindən vətəndaşa Nazirlər Kabinetinin şagird sayı az olan siniflərin komplektləşdirilməsi ilə bağlı qaydaları izah edilib. Bununla razılaşmayan valideyn xoşagəlməz ifadələrlə təlim-tədris prosesinə maneçilik törədib, pedaqoji kollektivin nüfuzunu aşağı salacaq müxtəlif ittihamlar səsləndirib. Təhsil müəssisəsinin kollektivinin yazılı müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və vətəndaşın səsləndirdiyi iddialar təsdiqini tapmayıb. Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə vətəndaş 2025-ci ilin oktyabrın 29-da beş gün müddətinə həbs edilib. Məktəb rəhbərliyi tərəfindən valideynlə mütəmadi olaraq əlaqə saxlanılır, övladlarının dərsə davamiyyətinin təmin olunması istiqamətində maarifləndirici söhbətlər aparılır. Daha ətraflı Baku TV-nin videomaterialında:





















