Qazax Rayon Mərkəzi Xəstəxanasının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə xəstəxanaya gənclər üçün maarifləndirici tur təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərin tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə yaxından tanış olmaları, pasiyentlərin sığorta xidmətlərindən necə faydalandıqlarını müşahidə etmələrinə şərait yaratmaq olub.
Mediaxeberleri.Az xəbər verir ki, icbari tibbi sığortanın əsas hədəflərindən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır. Keyfiyyətli tibbi xidmətin təşkilində səhiyyə infrastrukturunun və ixtisaslı tibbi kadr təminatının rolu xüsusi vurğulanıb. Qazax Rayon Mərkəzi Xəstəxanasının müasir tələblərə uyğun inşa olunması, yeni tibbi avadanlıqlarla təchiz edilməsi və peşəkar kadr potensialı qərb bölgəsində tibbi xidmətlərin səmərəli təşkili üçün geniş imkanlar yaradır.
Tur zamanı gənclər xəstəxananın müxtəlif şöbələrini ziyarət edib, icbari tibbi sığortanın tətbiqindən sonra istifadəyə verilmiş müasir tibbi avadanlıqlar və onların funksiyaları barədə ətraflı məlumat alıblar.
Bundan əlavə, tədbir çərçivəsində gənclərlə sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi mövzusunda maarifləndirici söhbətlər aparılıb.
Tədbirin sonunda gənclər həkim müayinələrindən keçib, ümumi sağlamlıq vəziyyətləri ilə bağlı ilkin məlumatlar əldə ediblər.
Belə tədbirlər gənclərin həm tibbi savadlılığını artırır, həm də onların gələcək sağlam həyat tərzinə maraq və diqqətini gücləndirir.