Moskvaya son iki ilin ən böyük PUA hücumu: Ölən və yaralananlar var
Moskva vilayətinə edilən pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki nəfər həyatını itirib, daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə ilə bağlı detalları Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" hesabında paylaşıb. Qubernatorun açıqlamasına əsasən, regionun 16 bələdiyyəsi ərazisində hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə kompleksləri vasitəsilə cəmi 185 dron vurularaq zərərsiz vəziyyətə gətirilib. İlkin verilən məlumatlara görə, insident zamanı altı nəfər yaralanıb. Pokrovskoye kəndində bir kişi qəlpə yarası ilə tibb müəssisəsinə çatdırılıb. Eyni zamanda, İstra rayonunun Yadromino və Qorki qəsəbələrində yaşayan iki sakin xəstəxanaya yerləşdirilib. Domodedovo dairəsinə bağlı Lyaxovo kəndinin üç sakini isə tibbi yardım istəyib. İlkin müayinə və zəruri tibbi müdaxilədən sonra həmin şəxslər stasionar müalicədən imtina ediblər. A.Vorobyov əlavə edib ki, Solneçnoqorsk dairəsinin Radumlya qəsəbəsinə edilən zərbə nəticəsində 20 yaşlı bir gənc həyatını itirib. Vilayət rəhbərinin məlumatına görə, İstranın Safontyevo, Torlopovo, Qorki və Yadromino kəndlərində on fərdi evə, yardımçı binalara və iki minik maşınına zərər dəyib. Volokolamsk dairəsindəki Pokrovskoye kəndində yerləşən evlərdən birinin isə şüşələri qırılıb və fasad hissəsi dağılıb. Domodedovo şəhər dairəsi ərazisindəki Lobanovo kəndində yerləşən fərdi evlərdən birində yanğın qeydə alınıb. Barıbino qəsəbəsində isə xilasedicilər dağılmış fərdi yaşayış evinin qalıqları altında 71 yaşlı kişinin meyitini aşkar ediblər. Hazırda qeyd olunan ərazilərdə xilasetmə qrupları fəaliyyət göstərir.





















