Suraxanı sakinlərinin şikayəti: Asfaltsız yollar və zibillənmiş futbol meydançası - VİDEO
Suraxanı rayonunun Əmircan qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, bəzi küçələrdə asfalt örtüyü təxminən 6 il əvvəl qazılıb. Bildirilir ki, həmin ərazilər yenidən asfaltlanmadığından xüsusilə yağışlı havalarda hərəkət çətinləşir, sakinlərin avtomobilləri zədələnir. "Bu məhəllənin yolları illərdir belədir. Yolu piyada gedə bilmirəm, neçə dəfə yıxılmışam", - deyə sakinlərdən biri qeyd edib. Məhəllədə yerləşən minifutbol meydançasının vəziyyəti də sakinləri narahat edir. Onlar bildiriblər ki, meydança baxımsız vəziyyətdədir və ərazidə zibil və siqaret tullantıları var. Sakinlərin sözlərinə görə, bu vəziyyət uşaqların meydançadan rahat istifadə etməsinə imkan vermir. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmaya ehtiyacı olan küçələrin təmiri ilə bağlı vətəndaşların müraciətləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktub ünvanlanıb. İcra hakimiyyətindən, həmçinin qeyd edilib ki, Əmircan qəsəbəsindəki minifutbol meydançası 2011-2013-cü illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən inşa edilib. Bakı Abadlıq Xidmətindən isə bildirilib ki, sözügedən ərazi onların fəaliyyət çərçivəsinə daxil olmasa da, ərazinin təmizlənməsinə bir neçə dəfə dəstək göstərilib.





















