Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
Payız mövsümünün gəlməsi ilə havaların soyuması, günlərin qısalması və qapalı məkanlarda daha çox vaxt keçirilməsi bir çox xəstəliyin ortaya çıxmasına zəmin yaradır. Xüsusilə immun sisteminin zəiflədiyi bu dövrdə infeksiyalar daha sürətlə yayılır. Mediaxeberleri.Az xəbər verir ki, payızda tez-tez rast gəlinən xəstəliklər arasında qrip, soyuqdəymə (zökəm), sinusit, faringit, bronxit və allergik narahatlıqlar ön plandadır. Qapalı və havalandırılmayan otaqlar virusların ötürülməsini asanlaşdırır. Bundan əlavə, mövsüm keçidlərində yaşanan hormonal və psixoloji dəyişikliklər depressiyaya və daimi yorğunluq hissine də səbəb ola bilər. Payızda ən çox rast gəlinən xəstəliklər Qrip və soyuqdəymə (zökəm): Virusların səbəb olduğu bu infeksiyalar asqırma, burun axması, boğaz ağrısı və yüksək hərarətlə özünü büruzə verir. Qapalı və lazımi səviyyədə havalandırılmayan otaqlar virusların bir nəfərdən digərinə keçməsini asanlaşdırır. Sinusit və faringit: Havanın soyuması və nəmin dəyişməsi tənəffüs yollarını qıcıqlandıraraq sinuslarda iltihaba (sinusit) və boğazda qıcıqlanma, yanma hissiyyatına (faringit) yol açır. Bronxit: Soyuq havanın birbaşa tənəffüs edilməsi və tənəffüs yollarının infeksiyaları bronxların iltihabına, şiddətli öskürəyə və nəfəs darlığına səbəb ola bilər. Allergik narahatlıqlar: Payızda havada uçuşan tozcuqlar, kif göbələkləri və qapalı məkanlarda toz gənələri (akarlar) allergik astma və rinit əlamətlərini gücləndirə bilər. Mövsümi depressiya və daimi yorğunluq: Günəş işığının azalması beyində serotonin (xoşbəxtlik hormonu) səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu da insanlarda daimi yorğunluq, halsızlıq, motivasiya əskikliyi və depressiv əhval-ruhiyyə yaradır. Xəstəliklərdən qorunmağın və immuniteti gücləndirməyin yolları Vitamin və qidalanma: Süfrənizdə C vitamini ilə zəngin olan sitrus meyvələrinə (portağal, limon, naringi), mövsümi tərəvəzlərə (balqabaq, çuğundur, brokolili) və sarımsaq, zəncəfil kimi təbii antibiotiklərə bol yer ayırın. Su balansı: Havalar soyuq olduqda su içmək istəyi azalsa da, orqanizmin toksinlərdən təmizlənməsi və hüceyrələrin yenilənməsi üçün gündə ən azı 1.5–2 litr su içmək vacibdir. Nizamlı yuxu: İmmun sisteminin düzgün fəaliyyət göstərməsi üçün hər gecə 7–8 saat keyfiyyətli və nizamlı yuxu rejiminə riayət edilməlidir. Fiziki aktivlik: Havanın soyuq olmasına baxmayaraq, açıq havada qısa gəzintilər etmək və ya ev şəraitində yüngül idman hərəkətləri ilə məşğul olmaq qan dövranını sürətləndirir və immuniteti möhkəmləndirir. Məkanların havalandırılması: Evləri və iş yerlərini hər gün müntəzəm olaraq havalandırmaq, hava yolu ilə keçən bakteriya və virusların konsentrasiyasını azaldır. Əminə Bayramova





















