BakuPost TV-də yayımlanan “Sabir Rüstəmxanlı ilə söhbət” verilişinin növbəti buraxılışı efirə gedib.
Mediaxeberleri.Az xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlı budəfəki buraxılışda oktyabr ayında keçirilən mühüm ədəbi-mədəni tədbirlərdən, Mədinə Gülgünün 100, Mirzə İbrahimovun 115 illik yubileylərindən, Güney Azərbaycan ədəbiyyatından, XII Bakı Beynəlxalq Kitab Sərgisindən və ölkədə kitaba münasibətdən danışıb.
Xalq şairi xüsusilə dövlət rəsmilərinin kitab sərgilərində iştirakına toxunaraq bu məsələdə narazılığını ifadə edib.
Sabir Rüstəmxanlı oktyabr ayının Azərbaycan ədəbi mühiti üçün məhsuldar keçdiyini bildirib. O, Türkiyənin Kayseri şəhərində keçirilən Türk dünyası şair və yazıçılarının toplantısını, xalq şairəsi Mədinə Gülgünün 100, görkəmli yazıçı və ictimai-siyasi xadim Mirzə İbrahimovun 115 illiyi münasibətilə təşkil olunan tədbirləri xatırladıb.
Xalq şairi xüsusilə Mirzə İbrahimovun Güney Azərbaycanla bağlı fəaliyyətindən danışaraq onun təkcə yazıçı deyil, həm də xalqın milli taleyində mühüm rol oynamış şəxsiyyət olduğunu vurğulayıb.
“Bu insanlar güneylə quzey arasında mənəvi körpülərdir, sarsılmaz körpülərdir. Siyasi birliyimiz olmayan yerdə bu insanlar o birliyi saxlayıblar, o birliyi qoruyublar”, – deyə o bildirib.
Sabir Rüstəmxanlı Mirzə İbrahimovun 1945–1946-cı illərdə Güney Azərbaycanda baş verən milli hərəkatla əlaqələrindən, bu mövzuya həsr etdiyi “Gələcək gün” romanından da söz açıb. O, əsərin müxtəlif dillərə tərcümə olunduğunu və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
Xalq şairi Mirzə İbrahimovla şəxsi münasibətlərini də xatırladıb. Bildirib ki, görkəmli yazıçının ona ünvanladığı məktubları bu günə qədər qoruyub saxlayır. Həmin məktublardan birində Mirzə İbrahimov gənc Sabir Rüstəmxanlının Güney Azərbaycan ədəbiyyatı mövzusunda elmi araşdırma aparmasını təklif edib.
Çıxışının digər mühüm hissəsini XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr edən xalq şairi sərgidən böyük təəssüratla ayrıldığını söyləyib.
O bildirib ki, müxtəlif ölkələrdən nəşriyyatların qatılması, kitab nəşrinin və poliqrafiya imkanlarının inkişafı Azərbaycan kitabının gələcəyinə nikbin baxmağa əsas verir.
“İndi biz həmişə kitabın oxunmağından narazılıq eləyirik. Kitab az oxunur. Amma mən bu sərgidə, şənbə-bazar günü, ümumiyyətlə, sərgiyə girmək mümkün deyildi. O qədər gənclər, şagirdlər, müəllimlər, ziyalılar axın eləyirdi ora ki, orada doğrudan da o bayram əhvalı çox aydın hiss olunurdu”, – deyə xalq şairi vurğulayıb.
Lakin Sabir Rüstəmxanlı kitab sərgisində onu narahat edən bir məqama da toxunub. O, sərgiyə çoxsaylı oxucuların, gənclərin və ziyalıların qatılmasına baxmayaraq, dövlət rəsmilərinin iştirakının nəzərə çarpmadığını bildirib.
Xalq şairi Mədəniyyət Nazirliyinin sərginin təşkilində mühüm rol oynadığını, nazir Adil Kərimli və nazirliyin digər nümayəndələrinin tədbirdə yüksək səviyyədə iştirak etdiyini xüsusi vurğulayıb. Bununla belə, o, digər dövlət qurumlarının rəhbərlərini və məmurları sərgidə adi bir oxucu, kitab alıcısı kimi görmədiyini təəssüflə qeyd edib.
Sabir Rüstəmxanlı bu məsələdə Heydər Əliyevin münasibətini nümunə göstərib. Onun sözlərinə görə, Heydər Əliyev olduqca gərgin iş qrafikinə baxmayaraq, Moskvada təşkil olunan kitab sərgilərinə baş çəkir, Azərbaycan nəşrləri ilə maraqlanırdı.
“Moskvada kitab sərgiləri keçiriləndə Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olmasına baxmayaraq, o qədər işin-gücün içində rəhmətlik Heydər Əliyev vaxt tapıb sərgiyə gəlirdi. Azərbaycan kitab sərgisində dayanırdı. Bəzən saatlarla söhbət eləyirdi, hər şeylə maraqlanırdı. Bu bir örnəkdir”, – deyə o xatırladıb.
Xalq şairi hesab edir ki, bugünkü dövlət rəsmiləri də bu nümunədən nəticə çıxarmalıdırlar.
“Bu örnəyi bizim yetkililər də, rəsmilər də bir az nəzərə almalıdırlar. Kitab hamınındır. Təkcə məktəblinin, gəncin, ya əhalinin kasıb kütləsinin deyil. Kitaba, əksinə, daha çox, məncə, o məmurların ehtiyacı var ki, öz xalqlarının mənəvi zənginliyini bilsinlər və bu, onların görəcək fəaliyyətinə ciddi yardım eləyə bilər”.
Sabir Rüstəmxanlı elektron kitabların yayılmasını müsbət qiymətləndirsə də, ənənəvi çap kitabının öz əhəmiyyətini qoruduğunu bildirib.
Onun sözlərinə görə, kitab sadəcə informasiya vasitəsi deyil, xalqın mədəni yaddaşı, mənəvi sərvəti və tarixinin ayrılmaz hissəsidir.
Xalq şairi Azərbaycanda kitab mədəniyyətinin qədim köklərə malik olduğunu xatırladaraq bu ənənənin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
“Bir millətin təxminən 1300–1400 illik yazılı kitab tarixi var. O millət bununla qürur duymalıdır və o kitabı əbədi yaşatmaq haqqında düşünməlidir”, – deyə o çıxışını yekunlaşdırıb.