Həkimliklə bağlı mühüm açıqlama
Səhiyyə sahəsində nəzarət mexanizmləri mövcud olduğu halda, rəsmi icazəsi və qeydiyyatı olmayan şəxslərin həkim kimi fəaliyyət göstərməsi halları aşkar edilir. Belə ki, bir sıra hallarda həkim səhvi nəticəsində ölüm hadisəsi baş verir və bu zaman əməliyyat edən şəxsin əslində həkim olmadığı üzə çıxır. Nəzarətin olduğu təqdirdə hələ də həkim olmayanların tibb fəaliyyətini necə göstərmələri ciddi sual doğurur. Mövzu ilə bağlı Mediaxeberleri.Az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, dünyanın hər yerində bu məsələnin qanuni həlli yolu lisenziya, akkreditasiya sistemidir. O qeyd edib ki, yəni hər bir həkimin baza tibb, rezidentura təhsili, əlavə sənədləri, ixtisas keçməsi yoxlanılır və daha sonra ona müvafiq tibbi sahəsi üzrə fəaliyyət lisenziyası verilir: “Bu, dünyanın hər yerində belədir. Müəyyən dövr üçün olur, 5-7 il və s. yəni əbədi deyil. Həmin müddət keçdikdən sonra təkrar akkreditasiyaya cəlb olunur. Təkrar lisenziya verilməsi üçün yenidən yoxlanılır, problem yaranmadıqda müddət uzadılır. Azərbaycanda isə həkim sertifikat imtahanı verir və gedib həkimliklə məşğul olur. Ona görə buna nəzarət etmək istənilən halda subyektiv xarakter daşıyır. Məncə, bu sertifikasiya imtahanları ləğv edilib akkreditasiya sisteminə keçilməlidir ki, bu məsələlər birdəfəlik həllini tapsın. Sertifikasiya imtahanını vermiş həkim indiki Azərbaycan qanunvericiliyi ilə artıq tibbdə fəaliyyət göstərə bilər. Cərrahdırsa, estetik əməliyyatlarını edir, başqa əməliyyatları da həyata keçirir. İndiki qanunvericiliklə yoxlayanda irad da tutmaq olmur. Amma lisenziya sisteminə keçirilsə, problemlər öz həllini tapar”. A.Qeybullanın sözlərinə görə, bütün ölüm hallarının səbəbi həkimə bağlı ola bilməz: “Elə xəstələr var ki, xərçəngin dördüncü mərhələsidir və ya digər ağır xəstədir, həmçinin qəzalar, qanaxmalar və s. Bu xəstəliklər üzrə dünyanın hər yerində ölüm faizi var. Ölüm halları ilə bağlı hər zaman autopsiyanın cavablarından sonra söz deyə bilərik. Amma təəssüf ki, bizdə ölənlərin yaxınları onu autopsiya etməyə qoymurlar. Sonra da şikayət etməyə başlayırlar. Bu, təsdiq olunmayıbsa, autopsiya diaqnozu qoyulmayıbsa, ölümün birbaşa səbəbi müəyyən edilməyibsə, onda həkimə necə irad tuta bilərik? Belə məsələlər dünyada olduğu kimi qaydaya salınmalıdır. Bizdə də bu şəkildə olarsa, düşünürəm ki, problemlər də həllini tapacaq, səhiyyəyə güvən də yerində olacaq”.






















