Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
“Azəriqaz” İstehsalat Birliyi Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax xidmət sahəsinin rəsmi məlumatına əsasən diametri 1220/1020 mm-lik “Qazıməmməd-Qazax” II xətt və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədar “Yuxarı Salahlı” və “Birinci Şıxlı” QPS-dən 5-6 avqust 2026-cı il tarixdən 20 avqust 2026-cı il tarixədək qazın nəqlinin dayandırılması zərurəti yaranmşdır. Məlum səbəbdən 5-6 avqust 2026-cı il tarixdən 20 avqust 2026-cı il tarixədək rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaqdır. Avqustun 4-də Qazax Rayon İcra Hakimiyyətində sözügedən məsələ ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Qazax Magistral Qaz Kəmərləri sahəsinin rəisi Elçin Bayramov, Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Taleh Şəmradov, Şəmkir Regional Qaz İstismarı İdarəsi Qazax xidmət sahəsində usta Süleyman İbrahimov, adları qeyd edilən kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edilmiş məsələ ilə bağlı fikirlərini bölüşüb, vətəndaşların qaz təminatının dayandığını nəzərə alaraq ilk növbədə dövlət əhəmiyyətli işin tez zamanda, göstərilən vaxtda başa çatdırılmasını qeyd edib, bununla bağlı aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlarını verib. İcra başçısı həmçinin, sözügedən məsələ ilə bağlı adları çəkilmiş kəndlərin icra nümayəndələrinə və bələdiyyə sədrlərinə qaz təchizatının müvəqqəti dayandırılması barədə vətəndaşlara məlumat vermələrini bildirərək müvafiq tapşırıqlarını verib. Məlumat üçün onu da qeyd edək ki, adları çəkilən kəndlərdə qaz təchizatının müvəqqəti dayandırılması ilə bağlı vətəndaşları narahat edən hər hansı bir məsələ olarsa Qazax Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.





















