Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı
Nepalın şimal bölgələrində baş verən güclü daşqın nəticəsində həyatını itirənlərin sayı 469 nəfərə çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə yerli polisdən rəsmi məlumat verilib. Hüquq-mühafizə orqanlarının son hesabatında qeyd olunur ki, indiyədək 469 meyiti aşkar edilib, xəsarət alan 1 545 nəfər isə xilas edilib. Fəlakət bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Əraziyə ümumilikdə 13 295 təhlükəsizlik əməkdaşı cəlb edilib. Xilasedicilər dağıntıları təmizləyərək insanları torpaq altından çıxarmağa çalışırlar. Nepalın Baş naziri Balendra Şah vəziyyətin gərgin olaraq qaldığını bildirib: "Bütün dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda əsas hədəfimiz hər bir vətəndaşın həyatını xilas etmək, itkin düşənləri tapmaq, yaralılara tibbi yardım göstərmək və təbii fəlakətdən əziyyət çəkən ailələrə təcili dəstək verməkdir". Qeyd edək ki, avqustun 26-da səhər saatlarında Nepalın şimal rayonlarına güclü su axını gəlib. İlkin ehtimallara görə, daşqına Nepal və Çin sərhədində baş vermiş qar və daş uçqunu səbəb olub. Hazırda yüzlərlə insan itkin düşmüş hesab olunur ki, onların da təxminən 500 nəfərinin xarici vətəndaşlar olduğu bildirilir.





















