“Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
Müqavilənin maliyyə dəyəri 422 026 manatdır. “Azəri Med” QSC bununla 2026-cı ildə bağladığı satınalma müqavilələrinin sayını 11-ə çatdırıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 16 370 948,95 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azəri Med” QSC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 255 510 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Mediada gedən məlumatlarda iddia edilir ki, “Azəri Med” QSC-nin sahibi deputat Kamaləddin Qafarovdur. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində işləyib. "Azəri Med" QSC-nin əsasən MOM-un tenderlərinin qalibi seçilməsi də bununla əlaqələndirilir. Digər tərəfdən, 2009-2013-cü illərdə Azəri Med QSC-nin qanuni təmsilçisi Qafarov Hüsaməddin Şəmsəddin oğlu adlı şəxs olub. İddialara görə, bu şəxs Kamaləddin Qafarovun yaxın qohumudur. Azəri Med QSC-nin 2020-ci ilədək qeydiyyatda olduğu ünvanla bağlı da maraqlı iddialar var. Bildirilir ki, şirkətin hüquqi ünvanı olmuş Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də Kamaləddin Qafarov və ailə üzvləri qeydiyyatdadır. Kamaləddin Qafarova məxsus başqa şirkətlərin də olduğu deyilir: Bunlar “Versal Palace” MTK, “Kanon” MMC,”Shafran” MMC, “Avestafarm” MMC, “Mega Pharmacy” MMC, “Naturalist” Fərdi Firması, “Helios Paharma” MMC və “Salidont LTD”-dir. Bu iddialar indiyədək deputat tərəfindən təkzib edilməyib. Azərbaycan qanunvericiliyinə görə deputatın biznes fəaliyyəti ilə məşğul olması qadağandır.





















