Səfirliyə hücum edən qatilin edamı ilə iş bitməz – Vəkil
İran hakimiyyəti ilk gündən səfirliyimizə edilən bu hücumu ailə və şəxsi zəminində imiş kimi göstərməyə çalışır. Azərbaycan səfirliyinin girişindəki kamerada hücum edən şəxslə qapıda dayanan polis arasındakı əl hərəkətlərini görmək olar. Bu, o deməkdir ki, hücum öncədən planlaşdırılıb. Bu sözləri tanınmış güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi səfirliyə hücum edən şəxs barəsində edam qərarına münasibət bildirərkən deyib. O bildirib ki, hər hansı nəticəyə gəlmək üçün cinayət işi ətraflı araşdırılmalıdır: “Hər hansı sıradan bir şəxs əlini-qolunu sallayıb bir səfirliyə odlu silahla atəş aça-aça girə, hücum edə bilməz. Bu, mümkün deyil. Edamla bağlı yayılan xəbər haqqında isə deməliyəm ki, hər şeydən əvvəl törədilmiş cinayətin motivləri ətraflı araşdırılmalıdır. Yoxsa, bu böyüklükdə cinayətin səbəbləri məlum olmadan cinayəti törədənin cəzalandırılmasından söz açmaq məntiqli deyil”. Qeyd edək ki, yanvarın 27-si 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək, 1 nəfərin ölümünə, 2 nəfərin yaralanmasına səbəb olan İran vətəndaşı Yasin Hüseynzadə barəsində ölüm hökmü çıxarılıb. Məlumata görə, hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.