Rusiyaya qarşı yeni SANKSİYALAR
Norveç Avropa İttifaqının (Aİ) Moskvaya qarşı daha əvvəl tətbiq etdiyi 11-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Mediaxeberleri.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Sanksiyaların yeni raundu əsasən Aİ-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur”, - nazirlikdən vurğulanıb. Norveçin sanksiyalar paketi Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur. Məhdudiyyətlər, həmçinin aviasiya və kosmik sənaye məhsullarına, dəbdəbəli mallara, bəzi dəmir və polad növlərinə, həmçinin Rusiya qeydiyyatlı qoşqu və yarımqoşquların daşınmasına da tətbiq ediləcək. Rəsmi Oslo, həmçinin anti-Rusiya sanksiyaları rejimindən yayınmaq üçün istifadə edilən ölkələrə də müəyyən malların və texnologiyaların ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu açıqlayıb.