“Azərpoçt” Şuşada fəaliyyətə başladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. Mediaxeberleri.Az xəbər verir ki, AZ5800 indeksli poçt filialı Şuşa şəhəri, Zəfər küçəsindəki Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək. Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq. Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib. Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə Poçt şöbəsi yaradılıb, 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.