Üç yaralı Bakıya gətirilməyəcək - Nazir müavini
Səhiyyə nazirinin müavini İlqar Qasımov vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsinin məqsədəuyğun olmadığını deyib. Mediaxeberleri.Az xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında qeyd edib ki, həmin şəxslər Aktau şəhərində xəstəxanada süni tənəffüs aparatına qoşulublar. “Onların stabilləşməsi üçün müalicə davam edir. Vəziyyətləri sabitləşdikdən sonra onlar da Azərbaycana gətiriləcək,” – deyə nazir müavini əlavə edib. İ.Qasımov bildirib ki, yaralılardan bəzilərində kəllə-beyin travmaları və yüksək hündürlükdən yıxılma nəticəsində ağır zədələr müşahidə olunub. Onun sözlərinə görə, bütün yaralılar tam müayinə olunacaq, stabillik müəyyən edildikdən sonra ambulator müalicə nəzərdə tutulur. İlqar Qasımov deyib ki, müştərək travmaların müalicəsi üçün müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə iştirakı zəruridir. Lazım olduqda, universitet klinikalarından da əlavə dəstək alınacaq: "Qəzadan xəsarət alanların müalicəsi ilə bağlı bütün lazımi tədbirlər görülür. Vətəndaşlarımızı mütəmadi olaraq məlumatlandıracağıq. Xahiş edirəm, bu çətin vaxtda səbirli olun”.