Deputat Fatma Yıldırım İssam bin Saleh əl-Cuteyli ilə görüşdü - FOTO
Milli Məclisin deputatı Fatma Yıldırım İssam bin Saleh əl-Cuteylini qəbul etdi. Bu gün Milli Məclisdə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli ilə görüşdük. Görüşdə həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Afət Həsənova, Əminə Ağazadə, Ceyhun Məmmədov, Xanlar Fətiyev iştirak etmişdir.
Görüşdə Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi ölkələrimiz arasında münasibətlərin inkişafından danışaraq, Azərbaycan Respublikasını Səudiyyə Ərəbistanı Krallığı ilə sıx tellər bağladığını, ortaq tarix, mədəniyyət və ənənələrin xalqlarımız arasında mənəvi körpü rolunu oynadığını vurğuladım. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı cənab Salman bin Əbdüləziz Al Səudun müstəsna rolu olduğunu qeyd etdim. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dönəmində qardaş Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək dəyərləndirdiyimizi bildirdim.
Cənab səfir İssam bin Saleh əl-Cuteyli də öz növbəsində xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd etdi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi.