Ağstafada Novruz bayramı təntənəli şəkildə qeyd edildi
Qədim və milli bayramımız olan Novruz bayramı respublikamızın bütün bölgələrində olduğu kimi,
Ağstafada da böyük təntənə ilə qeyd olundu.
Mediaxeberleri.Az xəbər verir ki, bu münasibətilə Ağstafa rayonunda ümumrayon şənliyi keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Ağstafa
Gənclər evinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb,
Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz
bayramında minlərlə rayon sakini iştirak edib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Novruz şənliyində iştirak etmək
üçün Gənclər evinə gəliblər.
Bayramın atributları sayılan Kosa və Keçəlin, Bahar qızın qonaqları salamlaması ilə tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Seymur Orucov və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə,
pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə,
qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz
təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə
baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.
Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar,
Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və
tamaşaçıların sevincinə səbəb olub.
Sonra Novruz bayramına həsr olunmuş tədbir, konsert proqramı ilə davam etdirilib.