Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən kanalda yaranan antisanitar vəziyyət aradan qaldırılır. Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından bildirilib ki, sözügedən ərazidə vətəndaşlar tərəfindən məişət tullantılarının qeyri-qanuni olaraq suvarma kanalına atılması nəticəsində bu cür vəziyyət yaranıb. "Oktyabrın 2-dən əraziyə texnika və briqada cəlb olunaraq kanala atılmış məişət tullantılarının təmizlənməsi işləri həyata keçirilir. Yaranmış arzuolunmaz hallarla bağlı sakinlərə müraciət edirik - suvarma kanalları məişət tullantılarının atılması üçün deyil, ərazilərin suvarılmasının təmin edilməsi üçün nəzərdə tutulub. Bu səbəbdən xahiş edirik, məişət tullantılarını suvarma kanallarına və digər su təyinatlı obyektlərə atmayasınız. Hər birimizin diqqətli və məsuliyyətli davranışı ətraf mühitin, ictimai məkanların və su təsərrüfatı obyektlərinin çirklənməsinin qarşısının alınmasına kömək edəcək", - deyə məlumatda bildirilib.






















