"Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
Geopolitik gərginliyin regional müharibələrlə nəticələndiyi bir vaxtda dünya daha böyük, qlobal toqquşmanın astanasındadırmı? Kanada tarixçisi, Oksford Universitetinin fəxri professoru və hərbi münaqişələr üzrə tanınmış mütəxəssis Marqaret Makmillan Qərb mediasına müsahibəsində Ukrayna müharibəsinin gedişatı və I Dünya müharibəsinə bənzər qlobal eskalasiya riskləri barədə diqqətçəkən analitik fikirlər səsləndirib. Mediaxeberleri.Az xəbər verir ki, britaniyalı tanınmış tarixçi müharibənin artıq beşinci ilə adladığını xatırladaraq, Ukrayna xalqının unikal müqavimət gücünü və Rusiya üçün yarandığı gözlənilməz fəsadları təhlil edib. Professor Marqaret Makmillanın sözlərinə görə, Rusiya Ukraynanı zəiflətmək əvəzinə, öz sərhədləri yaxınlığında çox güclü bir hərbi rəqib formalaşdırıb: “Ukrayna xalqı yaxşı anlayır ki, bu onlar üçün varlıq mübarizəsidir. Ukrayna misilsiz adaptasiya qabiliyyəti, yüksək texnologiyaların tətbiqi, çeviklik və döyüş təcrübəsi nümayiş etdirdi. Bu ölkə artıq müstəsna və iri hərbi gücə çevrilib və bu hərbi gücü ruslar məhz öz əlləri ilə yaratdılar”. Tarixçi vurğulayır ki, müharibənin gedişində Ukraynanın müstəqil dövlət kimi qalması Rusiya üçün strateji məğlubiyyət deməkdir. Çünki Rusiya bu müharibə səbəbindən həm ciddi şəkildə zəifləyib, həm də geostrateji baxımdan Çindən kəskin şəkildə asılı vəziyyətə düşüb. Tarixçinin fikrincə, böyük müharibələr çox vaxt liderlərin qabaqcadan cızdığı planlarla deyil, idarəolunmaz hadisələr zənciri və ya təsadüfi incidentlərlə başlayır: “I Dünya müharibəsində qərar qəbul edən tərəflərin çoxu müharibə istəmirdi, lakin elə bir vəziyyət yarandı ki, geri çəkilməyi özlərinə sığışdırmadılar. Üstəlik, daxili ictimai rəyin təzyiqi də hökumətləri küncə sıxışdıra bilər”. Oksford professoru qlobal riskləri artıran əsas faktorlardan birinin müxtəlif coğrafiyalardakı müharibələrin bir-birilə sıx inteqrasiya olunması kimi qiymətləndirir. Yaxın Şərqdəki eskalasiya ilə Ukrayna müharibəsinin eyni zəncirin halqaları olduğunu deyən alim bildirir: “Bu münaqişələr resurslar, silah tədarükü və kəşfiyyat məlumatları vasitəsilə bir-birinə bağlanıb. Məsələn, İran Rusiyaya hərbi yardım edir, Ukrayna Fars körfəzi ölkələri ilə əlaqələr qurur. Təhlükə ondadır ki, dünyanın bir hissəsində alovlanan çoxfəal münaqişə domino effekti ilə digər regionlara da sıçrayır və qlobal xaos yaradır”. Makmillan həmçinin Hindistan və Pakistan kimi nüvə dövlətləri arasındakı sərhəd insidentlərinin və daxili millətçilik təzyiqlərinin də hər an gözlənilməz böyük müharibəyə qığılcım çatacağını xüsusi vurğulayıb. Rasim Əliyev “AzPolitika.info”






















