Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
Ermənistanın Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı yaydığı məlumatlar ətrafında yeni suallar yaranıb. Rəsmi İrəvan əvvəlcə azərbaycanlı hərbçinin Sünik (Zəngəzur) vilayətinin Sisian (Qarakilsə) icmasının Şəki kəndində saxlanıldığını açıqlayıb, daha sonra isə hadisəyə müxtəlif ittihamlar əlavə olunmağa başlayıb. İndi isə Ermənistan mediasında Nəsimi Musayevin guya evə daxil olaraq orada olan uşaqları qorxutduğu iddiaları tirajlanır. Musavat.com xəbər verir ki, uşaqların xalası Arpi Avetisyan NEWS.am-a açıqlamasında onların ağır psixoloji vəziyyətdə olduğunu iddia edib. Onun sözlərinə görə, uşaqlardan biri gecə boyu yata bilməyib, ağlayıb və baş verənləri xatırlamaq istəmədiyini deyib. “Uşaq bütün gecəni yata bilmir, ağlayır. Xəbəri eşitdiyimiz üçün çox qorxurlar. Uşaq qulaqlarını tutub ağlayır və “Xatırlamaq istəmirəm” deyir”, - deyə Avetisyan bildirib. Erməni tərəfinin yaydığı məlumatlara görə, hadisə zamanı yaralanan Ani Avetisyan da xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Onun yaxınları qadının çoxlu qan itirdiyini, vəziyyətinin ağır olduğunu və uzunmüddətli müalicəyə ehtiyac duyacağını iddia edirlər. Lakin burada diqqət çəkən məqam Ermənistan tərəfinin hadisəni təqdim etmə formasındakı dəyişiklikdir. Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, oktyabrın 1-də saat 14:00 radələrində Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Sisian rayonunun Şəki kəndindəki evlərdən birinə qanunsuz daxil olub. Erməni tərəfinin versiyasına görə, hərbçi aşkar edildikdən sonra atəş açıb və nəticədə 1987-ci il təvəllüdlü A.A. yaralanıb. Daha sonra Nəsimi Musayevin hadisə yerindən uzaqlaşdığı, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində isə başqa bir ünvanda saxlanıldığı bildirilir. Ermənistan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ancaq Azərbaycan tərəfinin hadisə ilə bağlı mövqeyi tamamilə fərqlidir. Deputat Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında Azərbaycan Ordusunda yüksək intizam olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçməsi xüsusi tapşırıqla bağlı ola bilməz və hadisənin təxribat kimi təqdim edilməsi Ermənistanın böhtanıdır. Deputat hesab edir ki, Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsi səhvən və bilməyərəkdən baş verib. “Azərbaycan Ordusunda möhkəm intizam mövcuddur və heç bir Azərbaycan əsgəri yuxarı rütbəli hərbi komandanlığın xüsusi tapşırığı olmadan heç bir əraziyə keçməz. Azərbaycan əsgəri səhvən, bilməyərəkdən Ermənistan sərhədini keçibdir və bunu xüsusi tapşırıqlar və yaxud xüsusi təxribat hadisəsi kimi qiymətləndirmək Ermənistan böhtanıdır”, - deyə Hikmət Babaoğlu bildirib. Deputat Ermənistan daxilində bəzi qüvvələrin Azərbaycanla sülh prosesinə mane olmağa çalışdığını da deyib: “Hazırda biz bilirik ki, ermənilər radikal ünsürlərlə yenidən Ermənistan-Azərbaycan arasında vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu, müxtəlif səviyyələrdə və müxtəlif sosial qruplar tərəfindən həyata keçirilir. Bir tərəfdən siyasi partiyalar, digər tərəfdən kilsə, başqa tərəfdən isə xaricdən təsir edən müxtəlif qüvvələr Ermənistan-Azərbaycan arasında sülhlə bağlı vəziyyəti həddindən artıq gərginləşdirməyə çalışırlar”. H.Babaoğlu Ermənistanın yaydığı məlumatlarda ziddiyyətlərin olduğunu da vurğulayıb: “Azərbaycan əsgərinin orada hansısa qeyri-qanuni addımlar atdığını və yaxud kiməsə atəş açdığını düşünmürəm. Elə Ermənistan tərəfinin özünün yaydığı ilkin informasiyada da nə atəş, nə kiməsə hədə-qorxu gəlmək məsələsi yox idi. İnformasiya ardıcıllığını və məntiqini izləyəndə biz görürük ki, bu, Ermənistan müvafiq qurumlarının uydurmasıdır”. Hikmət Babaoğlu hesab edir ki, Nəsimi Musayev mütləq Azərbaycana qaytarılmalıdır: “Hər bir əsgər Azərbaycan dövləti üçün olduqca qiymətlidir və mütləq vətənə qaytarılacaq. Yaxşı olar ki, ermənilər sülh haqqında düşünsünlər. Əks təqdirdə sülhün olmamasının alternativi müharibədir. Düşünmürəm ki, Ermənistanda kimsə bu gün müharibəni arzu etsin”. Şahanə Rəhimli


Hazırda əsas sual da budur: Ermənistan həbs etdiyi Azərbaycan hərbçisini Azərbaycana təhvil verəcəkmi?
Musavat.com





















