“Qarabağ”-“Bayer” matçı: Qurbanov bir addım… - Ekspert
“Bayer”ə qalib gəlmək üçün Qurban Qurbanov rəqibə nəsə sürpriz eləməlidir. Əminəm ki, bunu fikirləşib. Xabi Alonso yaxşı mütəxəssisdir, əlindəki heyət, komanda da səviyyəlidir, bunu bilirik. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev qeyd edib. “Ancaq sırf məşqçilik təcrübəsi baxımından Qurban Qurbanov bir addım öndədir. Hoca daha ağır missiyaların öhdəsindən gəlib, daha çox bərkə-boşa düşüb, kritik vəziyyətlərlə daha çox üz-üzə qalıb. Əminəm ki, başına gələnlərdən də nəticə çıxarır. Alonsonun nisbi də olsa hələ yetişmə mərhələsində olduğunu nəzərə alsaq, bu şansdan istifadə eləmək lazımdır”, - ekspert bildirib. Məstəliyev qeyd edib ki, “Neftçi” ilə oyundan sonra mətbuat konfransında Qurbanova “bu matçda “Bayer”lə qarşılaşma üçün bəzi gedişləri sınamaq imkanınız oldumu” sualı verildi, o da “bəli” cavabını verdi: “Məsələn, mən Zubirin normaldan daha çox mərkəzə gəlib 10 nömrə kimi oynadığını, Lunyov, Andrade və mərkəz müdafiəçilərinin normaldan daha çox uzun ötürmələr, özü də birbaşa ön cinaha ötürdüklərini gördüm. Bu ev tapşırıqlarından biri almanlara qarşı da yerinə yetirilə bilər. Amma “Bayer”i pressinqlə də təəccübləndirməyin mümkünsüz olduğunu “Bavariya” ilə matçda gördük. Özümüzü münhenlilərdən üstün saymayıb, daha təmkinli oynamalıyıq. Məncə, belə də olacaq. Komanda da, Qurban Qurbanov da, ekran qarşısında və ya tribunada biz də səbirli olmalıyıq. Ola bilər ki, bu gün biz hücuma çox qaçmayan, enerjisini bəlli bir hissəsinə yox, oyunun 90 dəqiqəsinə yayan “Qarabağ”a şahidlik etdik. Ona görə də təmkinli olaq. Nəticəyə gəlincə, proqnoz verməyəcəm, amma nikbinəm. Təmsilçimizə inanmaq lazımdır”.