Qazaxın kəndlərinə giriş qadağan edildi - “Tezliklə təhvil veriləcək”
Səkkiz kəndin (Naxçıvan və Qazax) Azərbaycana qaytarılması ilə bağlı razılaşmanın icrasına başlanılır. Mediaxeberleri.Az xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib. “Görünən odur ki, Ermənistan-Azərbaycan müqaviləsi ilə bağlı əsas razılaşmalar artıq qüvvədədir. Anklavlara gəlincə, bütün ölçmə prosesləri başa çatıb, təhvil-təslim və qəbula dair texniki mərhələlər qalıb. Dünən məlum oldu ki, Ermənistan vətəndaşlarının həmin ərazilərə (Qazaxın 4 kəndi) girişi artıq qadağan edilib. Yəni tezliklə azərbaycanlılar orada görünəcəklər və öz nəzarətlərini təmin edəcəklər. Bununla yanaşı, azərbaycanlılar anklavlararası (Qazaxın 3 kəndi) ərazi də tələb edirlər”, - ekspert bildirib. Qevondyanın iddiasına görə, Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsinə Qərb də etiraz etmir. Erməni politoloq başqa bir məqama da diqqət çəkib: “Proseslər paralel başlayıb. Ermənistan-Türkiyə münasibətləri də xeyli aktivləşib. Müəyyən irəliləyişdən sonra Rusiya və 102-ci bazası Ermənistandan çıxarılacaq”.