Xocalı Soyqırımı - əsrin qanlı və silinməz tarixi izi...
Bu gün 32-ci ildönümünü qeyd etdiyimiz Xocalı Soyqırımı hələ də "diridir, sağdır". Əvvəla illərdir ki, canlı şahidlər, kadrlar dayanmadan bu amansız qəddarlığın hər epizodunu dünyaya car çəkirdi. İndi isə cəsur və yenilməz ordumuzun işğaldan azad etdiyi Xocalı şəxsən özü soyumuş qan izləri, dağıdılmış məzarlıqları, viran edilmiş evləri ilə şahidlik edir. Bəşəriyyətin qan yaddaşına çevrilmiş bu soyqırımda ermənilərin Azərbaycan xalqına, Xocalı əhalisinə qarşı etdiyi vəhşilikləri danışarkən belə insanın damarındakı qanı donur. Xocalıda çəkilmiş videolar, şəkillər, şahidlər ermənilərin xalqımıza, ümumən insanlığa qarşı nifrətinin sübutudur. Heç bir zaman sahib olmadıqları torpaqlara soyqırım vasitəsilə yiyələnmək istəyən "qaniçənlərin" başını Ali Baş Komandanımız dəmir yumruğu ilə elə əzdi ki, onlar bunu heç bir zaman unutmayacaq! Həm Xocalı Soyqırımının şahidi kimi, həm də yaxın qohumlarımı bu qanlı qətliamda itirən şəxs kimi yaddaşımda əbədiyyən silinməz qanlı izlərə görə erməniləri və onları dəstəkləyənlərin qanun qarşısında da cəzalandırılmasını istəyirəm! Xocalı Soyqırımında şəhid olmuş bütün soydaşlarımıza Allah rəhmət eləsin! Tural Nurməmmədov, "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri