Bu gün hakimliyə namizədlərlə yazılı imtahan ilk dəfə elektron qaydada keçiriləcək
Test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlə yazılı imtahan bu gün saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada keçiriləcək. İnşa mövzularının ifadə edilməsinə dair xüsusatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilib. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabr ayının 11-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə əldə edə biliblər. İmtahan yerinə saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq. Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.