Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
Məkkədə imzalanan saziş Ər-Riyadda verilən qərarlarla yeni bir mərhələyə yüksəldi. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan artıq təkcə diplomatik həmrəylikdən deyil, həm də ortaq müdafiə qabiliyyətindən danışırlar. Bu inkişaf Yaxın Şərqdə güc balansını yenidən formalaşdıra biləcək bir prosesə qapı açır. Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İmbat Muğlu deyib. Onun sözlərinə görə, Yaxın Şərqdə kartlar yenidən paylanır: “İllərdir ki, regionun gələcəyi əsasən xarici güclərin hərbi mövcudluğu, ikitərəfli müdafiə sazişləri ilə formalaşdırılıb. Lakin bu dəfə region ölkələri öz imkanlarını artırmağa çalışırlar. Məkkə Sazişi bu yeni səyin ən diqqətçəkən nümunələrindən biridir. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan sazişin ən vacib aspekti ondan ibarətdir ki, saziş üzvü olan bir ölkəyə silahlı hücum digər üzvlərə də hücum hesab olunur. Məkkədə başlayan proses İstanbulda keçirilən ilk Strateji Siyasi və Müdafiə Komitəsinin iclası ilə institusional çərçivə qazandı. Bundan sonra Ər-Riyadda baş tutan son görüş mexanizmin sadəcə siyasi bəyannamə olaraq qalmayacağına dair yeni əlamətlər verdi. Kəşfiyyat paylaşımı, hərbi koordinasiya, müdafiə sənayesi əməkdaşlığı, birgə texnologiya və istehsal, hərbi imkanların inkişafı və zəruri hallarda birgə müdafiə imkanlarının aktivləşdirilməsi... - bütün bunlar Məkkə Sazişinin ritorika mərhələsindən tətbiq mərhələsinə keçmək üçün nəzərdə tutulduğunu göstərir. Türkiyənin NATO üzvlüyü, güclü ordusu və daim artan müdafiə sənayesi potensialı, Səudiyyə Ərəbistanının Körfəzdəki iqtisadi və strateji çəkisi, Pakistanın güclü ordusu və nüvə çəkindirmə qabiliyyəti... - bu üç ölkənin bir çətir altında daha sıx əməkdaşlığı yeni strateji mənzərə yaradır”, - o bildirib. Ekspertin sözlərinə görə, məsələ yalnız hərbi ittifaqla məhdudlaşmır: “Enerji marşrutları, dəniz ticarəti, kəşfiyyat, müdafiə texnologiyaları, terrorizmə qarşı mübarizə və böhranların idarə edilməsi də bu əməkdaşlığın təbii uzantılarıdır. Buna görə də Məkkə Sazişini yalnız müdafiə sənədi kimi oxumaq natamam olardı. Məkkə Sazişinin tərəfləri açıq şəkildə bildirirlər ki, bu, hər hansı bir ölkəyə qarşı qurulmayıb. Buna görə də sazişi birbaşa “İran əleyhinə ittifaq” kimi təyin etmək düzgün deyil. İranın bölgədəki təsiri, onun vasitəçiləri, Körfəzdəki inkişaflar, Hörmüz boğazı və Yəməndən qaynaqlanan risklər nəzərə alınmaqla, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında koordinasiya qaçılmaz olaraq Tehranın hesablamalarına təsir göstərir. Türkiyə üçün Məkkə Sazişi Körfəzdən Cənubi Asiyaya qədər uzanan geniş bir coğrafiyada yeni əlaqələr yaradır. Ankara NATO daxilindəki öhdəliklərini qoruyub saxlayaraq, regional ölkələrlə müdafiə və diplomatiya sahələrində münasibətlərini də dərinləşdirir. Bu, Türkiyəyə müxtəlif aktorlarla diplomatik və strateji əlaqələr qurmağa imkan verir. Son illərdə Türkiyə müdafiə sənayesinin qazandığı potensialı nəzərə alsaq, Türkiyənin rolu yalnız hərbi personal və ya platforma təmin etməklə məhdudlaşmaya bilər. Pilotsuz sistemlər, hava hücumundan müdafiə texnologiyaları, elektron müharibə, kəşfiyyat və birgə müdafiə istehsalı qarşıdakı dövrdə əməkdaşlığın vacib sahələri arasında ola bilər. Ər-Riyad üçün mənzərənin başqa bir tərəfi var. Uzun illərdir ki, Körfəz ölkələri müdafiələri üçün əsasən xarici aktorların hərbi imkanlarına güvəniblər. İndi Səudiyyə Ərəbistanı iki əhəmiyyətli hərbi güclə - Türkiyə və Pakistanla daha institusional tərəfdaşlığı inkişaf etdirir. Bunun əsas nəticələrindən biri çəkindirmə qabiliyyətinin artması ola bilər. Çünki müharibənin qarşısını almaq üçün təkcə silah sistemlərinin mövcudluğu deyil, həm də digər tərəfə lazım olduqda bunlardan birlikdə istifadə edilə biləcəyini nümayiş etdirmək lazımdır. Buna görə də birgə potensialın yaradılması Məkkə Sazişinin gələcəyi üçün çox vacib olacaq. Pakistanın sazişdəki mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. Türkiyə ilə tarixən güclü münasibətləri olan Pakistanın Səudiyyə Ərəbistanı ilə də uzunmüddətli hərbi əlaqələri var. Beləliklə, Məkkə Sazişi Yaxın Şərq və Cənubi Asiya arasında strateji əlaqəni gücləndirə biləcək bir platformaya çevrilir. Bu vəziyyət təkcə üç ölkənin deyil, həm də Körfəz, Cənubi Asiya, Qırmızı dəniz və enerji dəhlizləri ilə bağlı hesablamalara təsir göstərə bilər. Artıq Yaxın Şərqdəki güc mübarizəsini yalnız quru sərhədləri vasitəsilə şərh etmək mümkün deyil. Dünya iqtisadiyyatının kritik damarları bu coğrafiyadan keçir. Buna görə də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında koordinasiyanın dəniz təhlükəsizliyinə və enerji təchizatına təsiri zamanla daha çox hiss olunacaq. Məkkədə imzalanan saziş İstanbulda institutlaşdırılır, Ər-Riyadda möhkəmlənir və qarşıdakı dövrdə Yaxın Şərqdə güc balansında əhəmiyyətli bir elementə çevrilməyə hazır görünür”. Qeyd edək ki, Türkiyə və Pakistan Məkkə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanına ordu yerləşdirmək qərarına gəlib. Ərəbistan hazırda husilərin hücumuna məruz qalır.





















