Sahildə tapılan “su pərisinin” qalıqları bioloqları çaşbaş saldı - FOTO
Papua Yeni Qvineya bölgəsində yerləşən Simberi adasının sahilində su pərisini xatırladan canlının qalıqları tapılıb. Okeanın yuyub sahilə çıxardığı cəsədin başı və bəzi bədən hissələri yerində olmayıb. Şahidlərin çəkdiyi fotoşəkillərə əsasən, onun uzunluğu bir insanın boyundan iki dəfə hündür olub. Qalıqların hansı heyvana mənsub ola biləcəyinin dəqiq müəyyən edilməsi onun həddindən artıq parçalanması səbəbindən çətinləşib. Yerli sakinlər tapıntını ölçməyib və çəkməyiblər, onlar onu tez bir zamanda basdırmağa çalışıblar. Həmçinin DNT nümunələri də götürülməyib. “Su pərisi”nin fotoşəkilləri bioloqları çaşbaş salıb. Onların əksəriyyəti bunun, çox güman ki, hansısa dəniz məməlisinin qalıqları olduğu barədə razılığa gəliblər. “Məncə bu, həddindən artıq parçalanmış balinayabənzər kimi görünür”, - deyə Sent Endryus Universitetinin dəniz heyvanları üzrə mütəxəssisi Saşa Huker bildirib. Florida Universitetinin dəniz bioloqu Qevin Neylor bunun böyük bir köpəkbalığı olduğunu söyləyib. “Whale and Dolphin Conservation” qeyri-kommersiya təşkilatının tədqiqatçısı Erik Hoyt, cəsədin kiçik balinaya aid ola biləcəyi ilə razılaşıb, lakin bunun nəsli kəsilmiş Stellerin inəyi ilə əlaqəli dəniz məməlisi olan dyoqon (dəniz inəyi) olduğunu istisna etməyib. Hətta onların adı bu heyvanların su pəriləri ilə oxşarlığına işarə edir: malay dilindən tərcümədə “dugong” “dəniz qızı” deməkdir. “Pacific Whale Foundation” qeyri-kommersiya təşkilatının elmi rəhbəri Cens Karri də Hoytun fikri ilə razılaşır. “Mən bunun ancaq dyoqon olduğunu təxmin edə bilirəm”, - deyə o bildirib.